Zamirə Hacıyeva

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Picto infobox character.png
Zamirə Hacıyeva
Zamirə Şirəli qızı Hacıyeva
Fotoqrafiya
Doğum tarixi
18 iyul 1963 (1963-07-18) (55 yaş)
Həyat yoldaşı Cahangir Hacıyev
Anar Mahmudov
Uşağı iki oğlu və bir qızı
VətəndaşlıqFlag of the Soviet Union.svg SSRİ
Flag of Azerbaijan.svg Azərbaycan
MilliyyətiAzərbaycanlı

Zamirə Hacıyeva (tam adı: Zamirə Şirəli qızı Hacıyeva; d. 18 iyul 1963) — Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı və Böyük Britaniyanın korrupsiyaya qarşı mübarizə qanunu olan İzahedilməmiş Sərvət Sərəncamının şərtlərinin ilk hədəfi olan şəxs.[1][2] Britaniya KİV-ləri Zamirə Hacıyevanı "Missis Makmafiya" (ing. Mrs McMafia), Avropa KİV-ləri isə "Ledi Şoppinq" (ing. Lady Shopping) kimi işıqlandırıblar.[3][4]

Həyatı

Zamirə Hacıyeva 1963-cü il iyulun 18-də anadan olub.[5] Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevlə ailə qurub və bu cütlüydən bir qızı və iki oğlu dünyaya gəlib. Qızı Leyla Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu ilə ailə qurub.[6]

Zamirə Hacıyevanın həyat yoldaşı Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.[5] O, 42 mln. manatı mənimsəməkdə ittiham olunub.[7]

Oğurlanması

Zamirə Hacıyeva 10 fevral 2005-ci ildə Hacı Məmmədovun başçılıq etdiyi cinayətkar dəstə tərəfindən qadın gözəllik salonundan çıxarkən oğurlanıb.[8] Onu Keşlədə, Hacı Məmmədovun qeyri-rəsmi yaşadığı qadının evində, zirzəmidə saxlayıblar.[9] Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın BBC-yə verdiyi məlumata əsasən, o zaman Zamira Hacıyevaya görə on milyon dollar pul tələb olunub.[9] Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatından sonra Zamirə Hacıyeva azad olunub, Hacı Məmmədov və onunla bərabər 20-dən çox adam həbs edilib.[9]

İngiltərədə həyatı

O, 15 noyabr 2014-cü ildə Cahangir Hacıyevlə Bakını tərk edib və İngiltərədə həyat qurmaq üçün Böyük Britaniyada investor vizası alıb.[10] Britaniyanın daxili işlər nazirliyinin məlumatına görə, cütlüyün "ən azı 55 milyon funt sterlinq var-dövləti" olub.[3] Məlumata görə, Cahangir Hacıyev ona "I kateqoriyalı viza" üçün 200 min funt sterlinqə yaxın pul və yaşayış üçün hər ay 20 min funt sterlinq ayırıb.[3]

Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib və barəsində axtarış elan olunub.[10] Zamirə Hacıyeva mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, korrupsiyada — Azərbaycan Beynəlxalq Bankından sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif post-terminallar və internet ödənişlər vasitəsilə, ümumilikdə 18 milyon manat pul çıxarmaqda ittiham olunub.[10]

İzahedilməmiş Sərvət Sərəncamı

Zamirə Hacıyeva on il ərzində Londonda yerləşən Harrods alış-veriş mərkəzində 16 milyon funt xərcləyib

Zamirə Hacıyeva 2018-ci ilin oktyabr ayında Böyük Britaniyanın İzahedilməmiş Sərvət Sərəncamının şərtlərinin ilk hədəfi olan şəxs kimi tarixə düşüb.[1] Londonda 22 milyon funt-sterlinqlik daşınmaz əmlakı olan Hacıyeva əmlakın qanuni gəlirlə əldə edilməsinin mənbəyini sübut edə bilməyib və mülkləri müsadirə edilib.[1] Hacıyeva mediada çıxan xəbərlərdən sonra kimliyinin açıqlanmaması üçün başlatdığı məhkəmə mübarizəsini də uduzub.[11] Məhkəmənin əldə etdiyi məlumata görə, Hacıyeva 2009-cu ildən əvvəl Britaniya Vircin adalarında əsaslanan şirkətin köməyi ilə Londonun Naytsbric rayonunda, Harrods alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt ödəyib.[12] 2018-ci ilin fevral ayında Britaniyanın Milli Cinayət Agentliyi Hacıyevadan Londonda aldığı villa üçün ödənilən 22 milyon funtun mənşəyi barədə məlumat təqdim etməsini istəmişdi.[11] Bunun üçün Hacıyeva "İzahedilməmiş Sərvət Sərancamı" vasitəsilə gəlirinin şəffaf olduğunu izah etməli idi.[11]

Məhkəmənin əldə etdiyi məlumata görə, 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkşayr qraflığında, Askot kəndinin yaxınlığında qolf kursu və "Mill Ride Golf Club"-unu almaq üçün 10 milyon funt xərcləyib.[1] Rəsmi məlumatlar cütlüyün Harrods-ın avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta Gulfstream G550 cet təyyarəsini aldığını da ortaya çıxarıb.[13]

Hacıyeva on il ərzində Harrods-da 16 milyon və ya günə dörd min funt sterlinq xərcləyib.[1] O, Cartier zinət əşyalarına 100 min funt sterlinq, lüks kişi geyimlərinə 20 min funt sterlinq, lüks zinət, ətir və saat markası olan Boucheron-da 150 min funt sterlinqdən çox pul xərcləyib.[1] Növbəti gün o, şərab zirzəmisi üçün 1800 funtluq alış-veriş edib.[1] Hacıyeva alış-verişləri üçün ərinin bankının 35 ədəd kredit kartı və Harrods-un üç ədəd mağaza kartı ilə ödəyib.[1]

Britaniya mətbuatının məlumatına görə, Zamirə Hacıyeva 1,500 funt sterlinqlik pomeranian iti ilə Londonda gəzərkən, onun üzərində 6,500 funtluq Hermes "Constance" əl çantası, 625 funtluq Gucci Ace idman ayaqqabısı, 530 funtluq Gucci idman paltarı və 290 funtluq Miu Miu günəş eynəyi olub.[14]

Zamirə Hacıyeva ilk dəfə "İzahedilməyən Sərvət Sərəncamı" tətbiq ediləndə buna qarşı çıxmağa cəhd etsə də, hakimlər ona 39 milyon funtu geri ödəməyi əmr edib. Bunların ardınca Zamira Hacıyeva məhkəmə qarşısında bildirib ki, böyük bir haqsızlıqla üz-üzə qalıblar: "Həyat yoldaşım qanunlara sadiq adamdır. Ortada böyük bir ədalətsizlik var və biz onun qurbanıyıq. Həyat yoldaşım Azərbaycan Beynəlxalq Bankında işləməmişdən əvvəl də bacarıqlı bir iş adamı olub və özü var-dövlət qazanıb".[1]

Britaniya Milli Cinayətlər İdarəsi isə Cahangir Hacıyevin 1993-2015-ci illərdə bu qədər sərvətə malik ola biləcəyini mümkünsüz hesab edib.[11] Məhkəmədə Hacıyevanı saatı 500 funt sterlinq olan barrister Ceyms Lyuis müdafiə edib.[3]

2018-ci il oktyabr ayının 31-də Zamirə Hacıyeva Londonda həbs edilib.[15] Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır.[15] O iki mənimsəmə ittihamı ilə üz-üzədir və oktyabr ayının 31-i axşamı polisə təslim olduqdan sonra təcridxanada saxlanılır.[15] Məhkəmə hakimi Emma Arbuthnot razılaşıb ki, Zamirə Hacıyeva zaminə buraxa bilər.[15] Bunun üçün o, 500 min funt stelinq məbləğində zəmanət ödəməlidir.[15] Bu məbləği ödədikdən sonra isə o, Londonun mərkəzindəki evində qalmalı, Londonu tərk etməməli və hər gün polisə məlumat verməlidir.[15]

Buna baxmayaraq, dövlət prokurorları dərhal etiraz ediblər və buna görə də o təcridxanada saxlanılır.[15] Bundan əlavə, Zamirə Hacıyevanın üzərinə həbs qoyulmuş 400 min funt sterlinq məbləğində qızıl-zinət əşyalarını xəlvəti satmaq cəhdi ifşa olunub.[15] Zinət əşyalarını Londondakı "Christie's" hərrac evində satılmaq üçün verilibmiş.[15] Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində Hacıyevanın on milyonlarla dollarlıq aktivlərinə həbs qoyub.[15]

Noyabrın 8-də Ali Məhkəmənin hakimi cənab Ceremi Beyker "əhəmiyyətli əsaslar" olmadığını deyərək ona zəmanətə buraxılması barədə qərar verib.[16] Zamirə Hacıyeva 500 min funt sterlinq qarşılığında zəmanətə buraxılıb və onun evinə elektron etiketləmə cihazı da qoyulacaq.[16] Zəmanət şərtlərinə görə, o, 2019-ci ilin iyununadək axşam 9-dan səhər 6-dək evdə olmalıdır və hər gün Çarinq Kross polisinə məlumat verməlidir.[16] O həmçinin Londondan kənara çıxmamalı, səyahət sənədi üçün müraciət etməməlidir.[16]

Populyar mədəniyyətdə

2018-ci ildə Gündüz Ağayevin çəkdiyi "Hər uğurlu qadının arxasındakı dayaq" karikaturası

Britaniya KİV-ləri Zamirə Hacıyevanı "Missis Makmafiya" (ing. Mrs McMafia), Avropa KİV-ləri isə "Ledi Şoppinq" (ing. Lady Shopping) kimi işıqlandırıblar.[17][18][3][19] Azərbaycan karikaturaçısı Gündüz Ağayev Cahangir və Zamirə Hacıyevanın məhkəmə işini "Hər uğurlu qadının arxasındakı dayaq" karikaturası ilə təsvir edib.

İstinadlar

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 1,7 1,8 "Zamirə Hacıyeva - Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Londonda 21 milyon dollar xərcləyib". BBC. https://www.bbc.com/azeri/azerbaijan-45812909. İstifadə tarixi: 10 oktyabr 2018.
  2. Bentham, Martin (10 October 2018). "Revealed: name of £16m Harrods big spender facing McMafia-style ‘dirty money’ probe". The Evening Standard. https://www.standard.co.uk/news/crime/revealed-name-of-16m-harrods-big-spender-facing-mcmafiastyle-dirty-money-probe-a3958441.html. İstifadə tarixi: 10 October 2018.
  3. 3,0 3,1 3,2 3,3 3,4 "MRS MCMAFIA UNMASKED Jailed banker’s wife who blew £16m ‘stolen cash’ at Harrods has been unmasked as jobless Zamira Hajiyeva". www.thesun.co.uk. https://www.thesun.co.uk/news/7466011/mrs-mcmafia-unmasked-harrods-zamira-hajiyeva/. İstifadə tarixi: 11 oktyabr 2018.
  4. "'McMafia' law: woman who spent £16m at Harrods is jailed banker's wife". www.theguardian.com. https://www.theguardian.com/uk-news/2018/oct/10/wife-of-mcmafia-banker-with-16m-harrods-spending-habit-named. İstifadə tarixi: 11 oktyabr 2018.
  5. 5,0 5,1 "Bədxərc Zamirənin “keşməkeşli” həyatı - Dosye". news.milli.az. https://news.milli.az/country/701771.html. İstifadə tarixi: 7 noyabr 2018.
  6. "Family wealth of former National Security Minister". www.meydan.tv. https://www.meydan.tv/en/site/politics/11984/Family-wealth-of-former-National-Security-Minister.htm. İstifadə tarixi: 11 oktyabr 2018.
  7. "Cahangir Hacıyev özünü təqsirli bilmir". www.amerikaninsesi.org. https://www.amerikaninsesi.org/a/iqtisadiyyat/3468650.html. İstifadə tarixi: 10 oktyabr 2018.
  8. "Identity of mystery banker's wife who spent £16million in Harrods REVEALED". www.mirror.co.uk. https://www.mirror.co.uk/news/uk-news/identity-mystery-bankers-wife-who-13394935. İstifadə tarixi: 10 oktyabr 2018.
  9. 9,0 9,1 9,2 "Zamirə Hacıyeva kimidir?". BBC. https://www.bbc.com/azeri/azerbaijan-45816569.
  10. 10,0 10,1 10,2 "Cahangir Hacıyevin həyat yoldaşı Londonda peyda oldu - 50 milyonluq mülkü müsadirə edildi". open.az. http://open.az/xarici-siyaset/cahangir-haciyevin-heyat-yoldasi-londonda-peyda-oldu-50-milyonluq-mulku-musadire-edildi.html. İstifadə tarixi: 10 oktyabr 2018.
  11. 11,0 11,1 11,2 11,3 "UK court lifts anonymity for woman who spent £16 million at Harrods in unexplained wealth case". CNN. https://edition.cnn.com/2018/10/10/uk/uk-wealth-order-hajiyeva-intl/index.html. İstifadə tarixi: 11 oktyabr 2018.
  12. "Zamira Hajiyeva, wife of jailed banker, named as subject of 'McMafia' order". news.sky.com. https://news.sky.com/story/zamira-hajiyeva-wife-of-jailed-banker-named-as-subject-of-mcmafia-order-11522859. İstifadə tarixi: 11 oktyabr 2018.
  13. "Banker's wife who spent £16million in Harrods over 10 years unmasked in probe over vast wealth". www.dailyrecord.co.uk. https://www.dailyrecord.co.uk/news/uk-world-news/bankers-wife-who-spent-16million-13397510. İstifadə tarixi: 11 oktyabr 2018.
  14. "Woman who spent an incredible £16million at Harrods in a decade wears extravagant £8,500 outfit". linook.com. https://linook.com/woman-who-spent-an-incredible-16million-at-harrods-in-a-decade-wears-extravagant-8500-outfit/. İstifadə tarixi: 7 noyabr 2018.
  15. 15,0 15,1 15,2 15,3 15,4 15,5 15,6 15,7 15,8 15,9 "Woman who spent £16m in Harrods arrested". www.bbc.co.uk. https://www.bbc.co.uk/news/uk-46108803. İstifadə tarixi: 6 noyabr 2018.
  16. 16,0 16,1 16,2 16,3 "Zamirə Hacıyeva zaminə buraxılır, amma evinə yoxlama cihazı qoyulacaq". BBC. https://www.bbc.com/azeri/azerbaijan-46140615. İstifadə tarixi: 8 noyabr 2018.
  17. "Arrestada ‘Lady Shopping’, que gastó 18 millones en Harrods para blanquear dinero". elpais.com. https://elpais.com/elpais/2018/11/07/gente/1541606228_179555.html. İstifadə tarixi: 11 noyabr 2018.
  18. "Chi è Zamira Hajiyeva, la "lady shopping" della Londra di lusso". www.repubblica.it. https://www.repubblica.it/esteri/2018/10/10/news/zamira_lady_shopping_spende_da_harrods_16_milioni_di_sterline_in_10_anni-208660303/. İstifadə tarixi: 11 noyabr 2018.
  19. "‘Mrs McMafia’ Zamira Hajiyeva was waved into Britain". www.thetimes.co.uk. https://www.thetimes.co.uk/article/mrs-mcmafia-zamira-hajiyeva-was-waved-into-britain-b0r33s20l. İstifadə tarixi: 11 oktyabr 2018.

Xarici keçidlər